Əsasnamə

Bakı Dövlət Universiteti Tələbə Elmi Cəmiyyəti Gənc Hüquq Alimləri Araşdırma Yardımçısı Layihəsinin Əsasnaməsi

1. Ümumi müddəalar

1.1. Gənc Hüquq Alimləri Araşdırma Yardımçısı Layihəsi (bundan sonra – Layihə) Bakı Dövlət Universiteti Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyətinin (bundan sonra – TEC) layihələrindən biridir.

1.2. Layihə öz fəaliyyətində bu əsasnaməni və TEC üzvlərinin etik davranış kodeksini rəhbər tutur.

1.3. Layihədə iştirak edən namizəd iştirakçılar, araşdırmaçılar, icraçılar, müəllimlər, təlimçilər və Layihənin Baş İcraçısı arasındakı münasibətlərbu Əsasnamə və Layihə iştirakçıları üçün Bələdçiyə (bundan sonra – Bələdçi) müvafiq olaraq nizamlanır.

2. Layihənin məqsədi

Layihənin əsas məqsədi tələbələrin akademik hüquqi araşdırma və yazı bacarıqlarının inkişafına, elmi-hüquqi fəaliyyətinin genişləndirilməsinə, eləcə də müvafiq hüquq sahəsi üzrə nəzəri biliklərinin artırılmasına yönəlmişdir.

3. Layihənin fəaliyyət istiqamətləri

3.1. Layihə aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

3.1.1. Araşdırma qruplarının (fərdi və ya komanda şəklində)1 təşkil edilməsi;

3.1.2. Akademik hüquqi araşdırma mövzusunda bloq yazılarının hazırlanaraq Layihənin veb-saytında yerləşdirilməsi;

3.1.3. Layihənin internet (sosial şəbəkə) səhifələrində akademik hüquqi araşdırma və digər əlaqəli mövzularda paylaşımlar edilməsi;

3.1.4. Tələbələrdə akademik hüquqi araşdırma bacarıqlarının inkişafı üçün təlim, vörkşop və vebinarların təşkil edilməsi;

3.1.5. Fəaliyyət istiqamətləri ilə əlaqədar olaraq yerli və xarici müəllim heyəti ilə əməkdaşlıqların qurulması.

4. Vəzifələr

4.1. Layihənin Heyəti Baş İcraçı və icraçılardan ibarətdir.

4.2. Layihənin fəaliyyətinə TEC sədri tərəfindən vəzifəyə təyin və azad edilən Baş İcraçı rəhbərlik edir.

4.3. İcraçıların vəzifəyə təyin və vəzifədən azad edilməsi TEC sədri ilə razılaşdırılmaqla Baş İcraçı tərəfindən həyata keçirilir.

4.4. Baş İcraçının vəzifələri aşağıdakılardır:

4.4.1. Sədr və icraçılarla razılaşdırmaqla Layihədə iştirak edəcək araşdırmaçı-müəllim heyətini seçmək;

4.4.2. Araşdırma qruplarını təşkil etmək, qrup iştirakçıları arasında iş bölgüsünü aparmaq;

4.4.3. Araşdırmaçı tərəfindən ərsəyə gətirilən tədqiqat işinin müvafiq olaraq redaktə olunmasına nəzarət etmək;

4.4.4. Layihənin səhifələrinə yerləşdirilməzdən əvvəl bloqlara və paylaşımlara son baxışı həyata keçirmək;

4.4.5. Layihənin təşkil olunmasında və onun fəaliyyətində digər təşkilati və texniki tədbirlərin həyata keçirilməsinə başçılıq etmək;

4.4.6. Layihənin fəaliyyət istiqamətləri ilə əlaqədar yerli və xarici müəllimlərlə əməkdaşlığı təmin etmək;

4.4.7. Layihənin məqsədlərinə xidmət edən yeni fəaliyyət planlarının hazırlanmasını təşkil etmək və icrasına nəzarət etmək.

4.5. Baş İcraçının hüquqları aşağıdakılardır:

4.5.1. Layihə iştirakçıları tərəfindən vəzifə və öhdəliklərin yerinə yetirilməsini tələb etmək;

4.5.2. İcraçılardan qərarların və tapşırıqların icrası ilə bağlı məlumat almaq;

4.5.3. Qərar və tapşırıqların icrası zamanı öz təklif və iradlarını bildirmək, müvafiq düzəlişlər etmək;

4.5.4. Araşdırmaçılardan araşdırma və yazı prosesinin gedişatı ilə bağlı hesabat xarakterli 2 məlumat almaq.

4.6. İcraçının vəzifələri aşağıdakılardır:

4.6.1. Baş İcraçının verdiyi qərar və tapşırıqların vaxtında və düzgün icrasını təmin etmək;

4.6.2. Akademik hüquqi araşdırma mövzusunda bloq yazılarını hazırlamaq, redaktə etmək;

4.6.3. Layihənin sosial şəbəkə hesabları üçün nəzərdə tutulmuş akademik hüquqi araşdırma və əlaqəli mövzularda postları hazırlamaq;

4.6.4. Qeydiyyatdan keçmiş şəxslərin təqdim edikləri “research proposal”larını qiymətləndirmək;

4.6.5. Namizəd araşdırmaçıların tədqiqat işlərinin ilkin versiyalarını yoxlamaq;

4.6.6. Araşdırmaçı tərəfindən aparılan tədqiqat işini müvafiq olaraq redaktə etmək, öz təklif və iradlarını bildirmək, müvafiq düzəlişlər etmək;

4.6.7. Layihənin fəaliyyətində digər təşkilati və texniki işləri həyata keçirmək.

4.7. İcraçının hüquqları aşağıdakı kimidir:

4.7.1. Namizəd araşdırmaçı və araşdırmaçıların vəzifələrinin icrasını təmin etmək üçün mütəmadi olaraq hesabat xarakterli məlumatlar almaq.

5. Araşdırma qruplarının təşkili

5.1. Başlanğıc mərhələ

5.1.1. Əvvəlcə, Layihə ilə əməkdaşlıq edəcək müəllimlər icraçılar tərəfindən müəyyən edilir, sonra isə müvafiq araşdırma sahəsi üzrə şəxslərin qeydiyyatına başlanılır.

5.1.2. Qeydiyyatdan keçmiş şəxslərin müraciəti məqbul hesab olunduğu və bu şəxslər şifahi mərhələdən müvəffəqiyyətlə keçdiyi təqdirdə, Layihədə namizəd iştirakçı kimi iştirak etmək hüququ əldə edir.

5.2. Araşdırmaçı namizədliyi mərhələsi

5.2.1. Bu mərhələdə namizəd iştirakçılar Layihə çərçivəsində keçirilən təlimlərdə iştirak edib müvafiq tapşırıqları icra edərək tədqiqat işlərinin ilkin versiyasını hazırlayırlar.

5.2.2. Tədqiqat işinin ilkin versiyası müəllimlər və icraçılar tərəfindən məqbul hesab olunan namizəd iştirakçılar Layihədə iştiraklarına araşdırmaçı kimi davam etmək hüququ əldə edirlər.

5.3. Araşdırmaya nəzarət mərhələsi

Bu mərhələdə:

5.3.1. Araşdırmaçılar namizədlik mərhələsində hazırladıqları tədqiqat işinin ilkin versiyasının təkmilləşdirilməsi istiqamətində müvafiq tapşırıqları icra edirlər;

5.3.2. Araşdırmaçılar müəyyən hesabat dövrlərində apardıqları tədqiqat işinin gedişatı ilə bağlı icraçılara hesabat xarakterli məlumatlar verirlər;

5.3.3. İcraçılar Layihə iştirakçılarının bu Əsasnamədən və Bələdçidən irəli gələn öhdəliklərinin yerinə yetirilməsinə nəzarət edir, tədqiqat işinin təkmilləşdirilməsi istiqamətində öz irad və təkliflərini bildirir, müvafiq düzəlişlər edirlər.

5.3.4. Müəllimlər tədqiqat işinin təkmilləşdirilməsi istiqamətində öz irad və təkliflərini bildirir, müvafiq düzəlişlər edirlər.

5.4. Yekun Mərhələ

5.4.1. Bu mərhələdə aparılan tədqiqat işi Layihə iştirakçıları arasında razılaşdırılmış müddətə müvafiq olaraq yekunlaşdırılır.

5.4.2. Müəllifin istəyi üzrə araşdırma prosesinin nəticəsində ərsəyə gələn məqalə BDU Tələbə Hüquq Jurnalının Redaksiya Heyəti tərəfindən müvafiq yoxlanışlardan keçdikdən sonra dərcə qəbul olunarsa, müvafiq Sayda dərc edilir.

5.4.3. Digər formalarda (bloq, məhkəmə qərarına rəy (“case note”)) olan tədqiqat işləri isə Layihə Heyəti tərəfindən müvafiq yoxlanışlardan uğurla keçərsə, Layihənin rəsmi səhifəsində yerləşdirilir.

5.4.4. Tədqiqat prosesini müvəffəqiyyətlə başa vurmuş araşdırmaçıya sertifikat və müəllimi tərəfindən tövsiyə məktubu təqdim edilir.


[1] Fərdi şəkildə araşdırma qrupları bir araşdırmaçı, müəllim və icraçı(lar)dan, komanda şəklində araşdırma qrupları isə bir neçə araşdırmaçı, müəllim və icraçı(lar)dan ibarət olur.

[2] Burada tədqiqat və yazı prosesində qarşılaşılan çətinliklər, araşdırma metodologiyasının seçimi, müvafiq hüquq ədəbiyyatlarının nəzərdən keçirilməsi, istifadə olunacaq mənbələrin tapılması, yazı prosesi və s. haqda məlumatların verilməsi nəzərdə tutulur.