I. “Triangulation” nədir və necə tətbiq edilir?
II. “Triangulation” metodunun hansı əsas növləri mövcuddur?
III. “Triangulation”dan istifadədə hansı çətinliklərlə üzləşmək mümkündür?
Giriş
Tədqiqat nəticəsinin əsaslılığı və etibarlılığı araşdırmanın keyfiyyətinin müəyyənləşdirilməsində mühüm əhəmiyyət kəsb edir. Adıçəkilən meyarların ödənilməsi üçün tədqiqatçı, ilk növbədə, düzgün araşdırma metodu seçməlidir. Bu baxımdan “triangulation” birdən çox aspektdən araşdırma aparılmasını təmin edərək tədqiqat nəticəsinin etibarlılığını gücləndirdiyi üçün əlverişli metodlardan biri hesab edilir. Bu bloq yazısında isə “triangulation” metodunun anlayışı, tətbiqi, növləri, habelə ondan istifadənin çətinliklərindən bəhs ediləcəkdir.
I. “Triangulation” nədir və necə tətbiq edilir?
“Triangulation” eyni tədqiqat çərçivəsində çoxsaylı mənbə, metod və ya nəzəriyyələrin istifadəsi, habelə birdən çox tədqiqatçının cəlb edilməsi yolu ilə araşdırma probleminin fərqli aspektlərdən təhlilinə yönəlmiş metoddur.[1] Sözügedən metod eyni mövzuya dair müxtəlif məlumatlar arasındakı fərqləri müəyyənləşdirmək, həmçinin mövzu haqqında geniş təsəvvür formalaşdırmaq üçün effektiv üsul hesab olunur.[2] Bu yolla o, araşdırma zamanı yalnız bir metod, nəzəriyyə və ya mənbənin istifadəsindən yarana biləcək qeyri-obyektivliyi aradan qaldırır.[3]
Sözügedən metod araşdırma prosesinin müxtəlif mərhələlərində tətbiq oluna bilər:[4]
- İlkin araşdırma. Bu mərhələdə müxtəlif yanaşmalardan istifadə tədqiqat sualının müəyyənləşdirilməsinə şərait yaradır.[5] Məsələn, konstitusiya müddəalarının şərhi mövzusunda ilkin araşdırma zamanı “originalism” və “living constitutionalism” nəzəriyyələrinə müraciət edilməsi müvafiq mövzu üzrə tədqiqat sualının seçimində araşdırmaçını istiqamətləndirəcəkdir;
- Məlumatların toplanılması. Adıçəkilən mərhələdə tədqiqatçı müxtəlif mənbələrdən istifadə etməklə tədqiqat üçün yararlı məlumatlar əldə edir;[6]
- Məlumatların təhlili. Sözügedən mərhələdə toplanılan məlumatlar müxtəlif metodlar vasitəsilə təhlil olunur.[7] Tədqiqatçının cəzaçəkmə müəssisələrində məhbusların vəziyyəti ilə bağlı topladığı statistik məlumatın təhlili üçün sorğular və müsahibələr təşkil etməsi nümunə kimi göstərilə bilər.
“Triangulaton” mövzunun təfsilatlı izahını, əhatəli və obyektiv araşdırma nəticəsini təmin etsə də, metodun effektivliyi araşdırma prosesinə cəlb olunmuş subyektlər: tədqiqatçılar, respondentlər, dövlət orqanları və s. arasındakı əməkdaşlıq və onların prosesdəki fəal iştirakından da asılıdır. Buna görə də qeyd edilən metodun araşdırmanın müxtəlif mərhələlərində tətbiqi ilə yanaşı, maraqlı tərəflərin bu prosesdə aktiv iştirakı effektiv nəticənin əldə edilməsində önəmlidir.[8]
II. “Triangulation” metodunun hansı əsas növləri mövcuddur?
Qeyd olunduğu kimi, “triangulation” eyni tədqiqat çərçivəsində iki və ya daha çox mənbə, tədqiqatçı, nəzəri perspektiv və ya metodoloji yanaşmanın kombinasiyasıdır. Bu isə sözügedən metodun “data”, “data source”, “data analysis”, “investigator”, “theoretical”, “analytical”, “methodological triangulation” və s. növlərini formalaşdırır.[9] Metodun geniş yayılmış növləri isə aşağıdakılardır:
- “Data triangulation”. Bu metodun əsasını müxtəlif zaman və məkan, habelə şəxslərə münasibətdə toplanmış məlumatların fərqli və oxşar cəhətlərinin müəyyənləşdirilməsi təşkil edir.[10] Zaman perspektivinə nümunə: təftiş zamanı və təftişdən sonra eyni biznes subyekti tərəfindən əmək təhlükəsizliyi tədbirlərinin icrasının tədqiqi; Məkan perspektivinə nümunə: şəhər və kəndlərdə hava çirkliliyinin qarşısının alınmasında yerli qanunvericiliyin effektivliyi istiqamətində aparılan araşdırma; Şəxs perspektivinə nümunə: müəyyən hüquqi məsələ haqqında müxtəlif hüquqşünaslarla müsahibələrin aparılması.
- “Methodological triangulation”. Bu, məlumatların toplanmasında ən azı iki müxtəlif metoddan, xüsusilə, keyfiyyət və kəmiyyət əsaslı metodlardan istifadəni özündə ehtiva edir.[11] Sözügedən metodun “metoddaxili triangulation” və “metodlararası triangulation” olmaqla iki növü mövcuddur. “Metoddaxili triangulation” eyni növ, “metodlararası triangulation” isə müxtəlif növ məlumat toplama metodlarından istifadəni nəzərdə tutur. Belə ki, araşdırma zamanı ya keyfiyyət (müsahibələr və fokus qrupları), ya da kəmiyyət əsaslı (statistik məlumatların təhlili, sorğu və anketlərin təşkili) metodlara müraciət edilərsə, bu, “metoddaxili triangulation” adlanır.[12] Buna nümunə olaraq iş yerlərində işçilərə qarşı ayrı-seçkiliyin mövcudluğunu müəyyənləşdirmək üçün sorğuların təşkili və statistik məlumatların təhlilini göstərə bilərik. Eyni tədqiqat çərçivəsində hər iki məlumat toplama metodu: keyfiyyət və kəmiyyət əsaslı metodlar tətbiq edildiyi təqdirdə isə bu, “metodlararası triangulation” adlandırılır.[13] Yeni qüvvəyə minmiş qanunun effektivliyinin araşdırılması zamanı məhkəmə işlərində onun tətbiqinə dair məlumatların statistik təhlili və hüquq mütəxəssisləri ilə müsahibələrin təşkili “metodlararası triangulation”a nümunədir.
III. “Triangulation”dan istifadədə hansı çətinliklərlə üzləşmək mümkündür?
“Triangulation”dan istifadənin üstünlükləri ilə yanaşı, müəyyən çətinlikləri də mövcuddur. Belə ki, “triangulation”ın tətbiqi zamanı rast gəlinən problemlərə böyük həcmli məlumatlarla işləməyin çətinliyi, fərqli metod, tədqiqatçı və ya nəzəriyyələr arasındakı ziddiyyətlər, maraqlı tərəflərin metodun düzgün tətbiqinə dair məlumatsızlığı və s. daxildir.[14] Sadalananlarla yanaşı, hər bir “triangulation” növü üçün spesifik olan problemlər də mövcuddur.
Belə ki, “data triangulation”dan istifadə ilə bağlı əsas problem məlumatların azlığı ilə əlaqədardır.[15] Xarici və yerli məhkəmələrin əqli mülkiyyət hüququ sahəsində yaranan mübahisələr ilə bağlı təcrübəsinin müqayisəli təhlili istiqamətində araşdırma aparan tədqiqatçının müəyyən yurisdiksiyaya məxsus az sayda məhkəmə qərarı tapması bu problemə nümunədir.
“Methodological triangulation”da kəmiyyət və keyfiyyət əsaslı metodlar vasitəsilə əldə edilən məlumatların uyğunlaşdırılmasında yaranan çətinliklər,[16] habelə tədqiqatçının seçdiyi metodlardan biri ilə bağlı təcrübəsizliyi ən çox rast gəlinən problemlərdəndir.[17] Sadalananlara nümunə olaraq tədqiqatçının sorğular və müsahibələr vasitəsilə əldə etdiyi məlumatları uyğunlaşdırmaqda qarşılaşdığı problemlər göstərilə bilər. Onu da nəzərə almaq lazımdır ki, sözügedən metoddan istifadə zamanı bir metod vasitəsilə əldə edilən məlumatlar digər metodla toplanılan məlumatlardakı yanlışlıqları azaltmır və ya kompensasiya etmir.[18]
Beləliklə, adıçəkilən metodlardan istifadə zamanı məlumatların məhdudluğu və etibarsızlığı, müxtəlif metodların inteqrasiyasının mürəkkəbliyi, habelə tədqiqatçının təcrübəsizliyi müəyyən çətinliklər yaradır. Buna görə də tədqiqatçılar araşdırmanın keyfiyyətini qorumaq, səmərəliliyini təmin etmək üçün bu metodların tətbiqi zamanı mövcud problemləri diqqətə almalıdırlar.
Nəticə
Nəticədə, “triangulation” tədqiqatçıya müxtəlif yanaşmalardan istifadə etməklə araşdırmanın etibarlılığı və əhatəliliyini artırmaq imkanı verir. Bununla yanaşı, o, araşdırmanın müxtəlif mərhələlərində tətbiq olunaraq bir metod və ya mənbənin istifadəsindən yarana biləcək qeyri-obyektivliyi aradan qaldırır. Əlavə olaraq, onun tədqiqat işində uğurlu tətbiqi üçün bloqda qeyd olunmuş problemlərin nəzərə alınması tövsiyə olunandır.
[1] Helen Noble, Roberta Heale, Triangulation in Research, with Examples, 22 Evidence-Based Nursing 67, 67 (2019).
[2] G. Peersman, An Introduction to Triangulation, 18 (2010).
[3] Noble, Heale, yuxarıda istinad 1.
[4] Uwe Flick, Doing Triangulation and Mixed Methods, 149 (2nd ed. 2018).
[5] Yenə orada.
[6] Yenə orada.
[7] Yenə orada.
[8] Peersman, yuxarıda istinad 2, 28.
[9] Veronica A. Thurmond, The Point of Triangulation, 33 Journal of Nursing Scholarship 253, 253 (2001).
[10] Yenə orada, 254.
[11] Janice M. Morse, Approaches to Qualitative-Quantitative Methodological Triangulation, 40 Nursing Research 120, 120 (1991).
[12] A. Bekhet, J. Zauszniewski, Methodological Triangulation: An Approach to Understanding Data, 20 Nurse Researcher 40, 40 (2012).
[13] Yenə orada.
[14] Yuxarıda istinad 2, 20.
[15] Yenə orada, 21-22.
[16] Yenə orada, 22.
[17] Thurmond, yuxarıda istinad 9, 256.
[18] Yuxarıda istinad 2, 22.
Müəllif: Mədinə Əliyeva, Bakı Dövlət Universiteti Hüquq fakültəsi, 2-ci kurs