Gənc Hüquq Alimləri Araşdırma Yardımçısı Layihəsində araşdırmaçı kimi qeydiyyatdan keçən şəxslərin “research proposal”-ı aşağıdakı strukturda və məzmunda tərtib etməsi tövsiyə olunur.

“Research proposal” araşdırma və yazı prosesinin ümumi planını əhatə edən və araşdırma prosesinin əvvəlində hazırlanan qısa sənəddir. Düzgün strukturda tərtib olunduğu halda bu sənəd araşdırmanının necə aparılacağı, yazı mərhələsində məqalənin strukturunun necə qurulacağı və bu hissələrin bir-biri ilə necə əlaqələndirəcəyinə dair plan təklif edir. Bununla yanaşı, sözügedən sənəddə proses boyunca nə ediləcəyi, necə ediləcəyi izah edilir, habelə tədqiqatın niyə aparılmalı olduğu əsaslandırılır.

Ümumiyyətlə, “research proposal”-ın tərtibinə dair vahid və ümumi struktur mövcud olmasa da, geniş yayılmış yanaşmaya əsasən, bu sənəd aşağıdakı hissələrdən ibarət olmalıdır:

1. Başlıq

– Bu hissə araşdırmanın əsas diqqətini və mövzusunu müəyyənləşdirən addır. 

Nümunə 1: Sosial medianın hüquq və ictimai rəyə təsiri

Nümunə 2: İnternet bankçılığın hüquqi riskləri: təhlükəsizliyin təmini və dələduzluğun qarşısının alınması istiqamətində tənzimləmə mexanizminin effektivliyinin təhlili

2. Açar sözlər

– Bu hissədə araşdırma mövzusu ilə bağlı əsas hüquqi terminlər və anlayışlar, adətən, 3-6 sözlə qeyd olunur.

Nümunə 1: Sosial media, onlayn platformalar, hüquqşünas, hüquqi diskurs, ictimai rəy.

Nümunə 2:

Onlayn alış-veriş

İnternet bankçılıq

Banklarda informasiya təhlükəsizliyi

Dələduzluq

3. Ümumi məqsədlər

– Bu hissədə araşdırmanın hansı məqsədlərlə aparılacağı dəqiq olaraq müəyyənləşdirilir. Ümumi məqsədlər, adətən, aşağıdakı kimi müəyyənləşdirilir:

• nəyinsə səbəbini və ya nəticələrini izah etmək;

• hər hansı nəzəriyyəni tənqid etmək və ya dəstəkləmək;

• nəyisə təsvir etmək;

• müəyyən nəticəni proqnozlaşdırmaq;

• daha əlverişli təcrübəni tətbiq etmək.

Nümunə 1: Araşdırmanın əsas məqsədi sosial medianın hüquqi məsələlərlə bağlı ictimai rəyin formalaşmasında rolunu müəyyənləşdirmək, hüquqşünasların davranışlarına təsirini tədqiq etmək etmək və mövcud tənzimləmə mexanizminin təkmilləşməsinə töhfə verməkdir.

Nümunə 2:

İnternet bankçılığın potensial hüquqi risklərini araşdırmaq;                                        

Risklərin azaldılması ilə bağlı xarici ölkələrin təcrübəsini tədqiq etmək;

Müvafiq istiqamətdə Azərbaycan Respublikasının qanunvericiliyini araşdırmaq;

Xarici və yerli qanunvericiliyin müqayisəli təhlini aparmaq;

Yerli tənzimləmə mexanizminin təkmilləşməsi istiqamətində təkliflər vermək.

4. Hüquqi əsas (Problem statement)

– Bu hissədə mövzu üzrə mövcud vəziyyət müzakirə edilməli, boşluqlar, ziddiyyətlər və problemli məqamlar müəyyənləşdirilməli, habelə araşdırmanın vacibliyi və əhəmiyyəti izah edilməlidir. İrəli sürülən arqumenti dəstəkləmək üçün müvafiq nəşrlərə, qanunvericilik aktlarına, akademik məqalələrə və etibarlı statistik məlumatlara istinad etmək tövsiyə olunur.

Nümunə: Sosial media həyatın müxtəlif aspektlərinə, o cümlədən hüquqi diskursa əhəmiyyətli təsir göstərərək müasir cəmiyyətin ayrılmaz hissəsinə çevrilib. Hüquqşünaslar da daxil olmaqla bütün ictimaiyyət öz fikirlərini paylaşaraq müzakirələrdə iştirak etmək və hüquqi məsələlərlə bağlı ictimai rəyə təsir etmək üçün sosial media platformalarından getdikcə daha çox istifadə edirlər. Bu isə öz növbəsində ____________________, _________________________ problemlərə gətirib çıxarır. Bununla yanaşı, bu ictimai münasibətləri tənzimləyən ____________________________________ sahəvi qanunvericilik aktında _____________________________, _____________________________________ boşluqların, _______________________, _______________________ ziddiyyətlərin mövcudluğu araşdırma üçün əsas formalaşdırmışdır.

5. Ədəbiyyat icmalı – Mövzu haqqında nə məlumdur?

– Bu hissədə mövzu üzrə mövcud araşdırma işləri ilə ilkin tanışlığınızı ümumiləşdirmək, mövzu ilə bağlı məlumatlılığınızı nümayiş etdirmək üçün mütaliə etdiyiniz elmi məqalələr, kitablar və digər etibarlı ədəbiyyat nümunələri və vebsaytlar qeyd edilməlidir. İstinad ediləcək mənbə sayına dair dəqiq tələb müəyyənləşdirilməsə də, araşdırma mövzusundan asılı olaraq 5-20 arasında olması məqsədəuyğundur. Əlavə olaraq, icmalda mövzu haqqında önəmli hesab olunan mənbələr, müəlliflər haqqında məlumatlarla yanaşı, seçilən işlərin müqayisəsinin aparılması, güclü və zəif cəhətlərinin qeyd olunması tövsiyə olunur.

6. Tədqiqat sual(lar)ı və iddia bəyanat – Mövzu haqqında nəyi araşdırmağa ehtiyac var? Araşdırılacaq mövzu ilə bağlı hansı yeni yanaşma sərgilənəcək?

– Bu hissədə araşdırma və yazı prosesində hansı xüsusi sual(lar)ın araşdırılacağı və cavablandırılacağı qeyd olunur. Tədqiqat sual(lar)ı, adətən, üç formada: suallar, fərziyyələr və təkliflər formasında təqdim olunur.

Nümunə 1: Araşdırma işində sosial medianın hüquqi məsələlərlə bağlı ictimai rəyi hansı istiqamətdə (müsbət və ya mənfi) formalaşdırması, hüquqşünasların davranışına təsiri və mövcud vəziyyətin hüquqi tənzimlənmə mexanizminin effektivliyi sualları cavablandırılacaqdır.  Əlavə olaraq, cari mexanizmin təkmilləşdirilməsi istiqamətində ______________, _________________ kimi təkliflər veriləcəkdir.

Nümunə 2: Beynəlxalq Hüquq Komissiyası tərəfindən qəbul edilmiş silahlı münaqişələrlə bağlı ətraf mühitin mühafizəsinə dair Prinsiplər Layihəsi Qarabağ münaqişəsindən öncə qəbul olunsaydı, münaqişə tərəfləri ətraf mühitə dəyən zərəri azaltmaq üçün mühafizə zonaları yaradardı. 

7. Metod – Müvafiq informasiya necə əldə olunacaq?

– Bu hissədə araşdırma prosesi zamanı tətbiq ediləcək məlumatların toplanma və təhlili üsulları təsvir edilməlidir.

Nümunə: Araşdırma zamanı mövzuya dair perspektivlərinin öyrənilməsi məqsədilə hüquqşünaslarla müsahibələr təşkil olunacaq, müvafiq yerli və xarici qanunvericilik aktları və məhkəmə işləri tədqiq olunacaqdır.

8. Tələb olunan zaman

– Bu hissədə araşdırma və yazı mərhələləri üçün lazım olan vaxt qeyd olunmalıdır.

Nümunə: İlkin araşdırmanın aparılması ___ gün/həftə/ay, müsahibələrin təşkili ___ gün/həftə/ ay, toplanılan məlumatların təhlili ___ gün/həftə/ay çəkəcəkdir. Araşdırma prosesi sonlandıqdan sonra məqalənin yazılması mərhələsi ___ _________ 20__-__ il – ___ _________ 20__-__ il aralığını əhatə etməsi gözlənilir.

9.  Nəticə(lər)

– Bu hissədə araşdırma və yazı prosesinin gözlənilən nəticələri təsvir edilməli, tədqiqatın mövzu üzrə hansı istiqamətdə töhfə verəcəyi təsvir edilməlidir. Nəticələr, adətən, aşağıdakı formalarda təqdim olur:

• Mövzu ilə bağlı mövcud boşluğun doldurulması;

• Mövzu ilə bağlı problemin həllinə dair təkliflərin edilməsi;

• Mövzu ilə bağlı mübahisəni aydınlaşdıracaq ideyanın verilməsi;

• Hər hansı nəzəriyyə və ya anlayışın inkişafına töhfə vermək.

Nümunə: Nəticədə, sosial medianın hüquqi məsələlərlə bağlı ictimai rəyi formalaşdırmasının əsas yolları müəyyənləşdiriləcək, hüquqşünasların davranışına təsiri təhlil ediləcək, sadalanan proseslərin nəticələri vurğulanacaq və tənzimləmə mexanizminə münasibətdə xarici ölkələrin təcrübəsi ilə aparılan müqayisə əsasında yeni təkliflər veriləcəkdir.


Qeyd 1: Verilən nümunələr hipotetik xarakter daşıyaraq sadə və ilkin nümunə qismində yazılmışdır. Müraciət edən şəxs(lər)in mülahizəsinə əsasən “research proposal”-ın detallı və ətraflı formada yazılması mümkündür.

Qeyd 2: Verilən punktlar şərti xarakter daşıyıb araşdırmaçı tərəfindən yazı işinin strukturunun müəyyən edilməsi məqsədi güdür. “Research proposal”-ın əsas məqsədi araşdırmaçı tərəfindən seçilən hüquq sahəsində onun hansı mövzuya yönələcəyini müəyyən etmək olduğundan tədqiqat sualı punktuna xüsusi diqqət göstərmək tövsiyə olunur.


Daha ətraflı məlumat üçün: Martyn Denscombe, Research Proposals: A Practical Guide (2nd ed. 2019).