Giriş

I. Empirik araşdırma – təcrübələrin üstünlüyü

II. İxtisaslararası araşdırma – peşəkar biliklərin artırılması

III. Yeni araşdırma növlərində qarşılaşılan çətinliklər

Nəticə

Giriş

Akademik hüquqi araşdırma uzun illər boyunca məhz hüquq prinsipi və normalarının nəzəri analizinə yönəlmiş, onlara təsir edən kənar amilləri nəzərə almamışdır[1]. Son dövrlərdə isə araşdırma istiqaməti dəyişmiş, mütəxəssislər hüququ digər sosial-elmi metodlar vasitəsilə və ya eksperimentlər əsasında təhlil etməyə başlamışdırlar[2]. Bu da öz növbəsində, ixtisaslararası və empirik araşdırma kimi tədqiqat növlərinin yaranması ilə nəticələnmişdir. Həmin tədqiqat növlərinin yeni olması səbəbilə statistik məlumatların toplanması və araşdırmanın təkrarlanmasında bəzi çətinliklərlə də qarşılaşılmışdır. Bu bloq yazısında adıçəkilən araşdırma növlərinin xüsusiyyətləri və sözügedən maneələr barədə məlumat veriləcəkdir.

I. Empirik araşdırma – təcrübələrin üstünlüyü

XX əsrin sonlarından başlayaraq hüquqşünaslar tərəfindən geniş şəkildə istifadə olunan tədqiqat növlərindən biri də empirikdir.[3] Empirik, digər adı ilə eksperimental araşdırma hüquqla əlaqədar hadisələrin, proseslərin müşahidəsi nəticəsində toplanılan məlumatların sistemli və obyektiv təşkili, həmçinin təsnifatıdır.[4] Belə ki, tədqiqatçı, əvvəlcə, müəyyən bir mövzu üzrə ətraflı araşdırma aparır[5] və topladığı materialları təhlil etməklə tədqiqat problemini müəyyənləşdirir.[6] Daha sonra həmin problemi empirik araşdırma prosesinin vacib elementlərindən biri olan fərziyyə kimi təqdim edir.[7] İrəli sürülən fərziyyə araşdırmanı istiqamətləndirməklə yanaşı, müraciət edilə biləcək mənbələr barədə fikir formalaşdırır.[8] Növbəti mərhələdə isə şəxs tədqiqat probleminin aydınlaşdırılması üçün sorğu və “case study” metodlarından istifadə edərək vacib faktları aşkarlayır. Belə ki, sorğunun növləri olan “time series” eyni, panel study” isə müxtəlif respondentlərlə vaxtaşırı təkrarlanır.[9] Digər tərəfdən, “case study” metodu araşdırma zamanı vahid bir mövzuya fokuslanmır və elementlərin qarşılıqlı təsirini analiz edir. Bu metod həm oxşar hüquqi hadisələrin nəticələrindəki fərqlilikləri, həm də fərqli hüquqi hadisələrin oxşar nəticələrini araşdırır.[10] Nəhayət, tədqiqatçı sözügedən metodlar vasitəsilə topladığı məlumatlara istinad edərək fərziyyəni ya təsdiq, ya da təkzib edir.[11]

Empirik hüquqi araşdırma müfəssəl proses kimi hüquqi faktların nəzəri analizindən uzaqlaşaraq tədqiqatın əhatə dairəsini genişləndirmişdir. Yeni metodların formalaşması da bu dinamikanın qorunub saxlanmasında müsbət rol oynamışdır.

II. İxtisaslararası hüquqi araşdırma – peşəkar biliklərin artırılması

Son dövrlərdə aparılan tədqiqatların təkmilləşməsi ilə ixtisaslararası hüquqi araşdırmanın tətbiqi də geniş vüsət almağa başlamışdır. Belə ki, bir çox alimlər hüququn yalnız mətn daxilində deyil, cəmiyyətdə insanlar arasındakı münasibətlərə təsiri aspektindən də araşdırılmasına tərəfdar çıxmış,[12] sosiologiya və fəlsəfə kimi elmlərə müraciət edilməli olduğunu vurğulamışdırlar.[13] Bu da öz növbəsində, empirik hüquqi tədqiqat metodlarının da tez-tez tətbiq olunduğu yeni araşdırma növünün təşəkkül tapması ilə nəticələnmişdir.

İxtisaslararası araşdırmaya hüquq normasının cəmiyyətdəki effektivliyinin aydınlaşdırılması üçün müraciət edilə bilər.[14] Məsələn, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 145.6-cı maddəsinə əsasən himayədar ailəyə verilən uşağın hər birinə hər ay maddi müavinət verilir.[15] Fərz edək ki, qanunvericiliyə dəyişiklik edilir və uşaqların yaşayış şəraitini təkmilləşdirmək üçün həmin müavinətin miqdarı artırılır. Bununla bağlı ortaya belə bir tədqiqat sualı qoyula bilər: Müvafiq dəyişiklik həqiqətən də gözlənilən nəticəni verirmi? Sualın cavablandırılması üçün məsələnin yalnız hüquqi perspektivdən dəyərləndirilməsi kifayət etmir. Belə ki, mütəxəssis sosiologiya kimi elmlərə istinad etməklə həmin uşaqlar arasında sorğu aparmalıdır. Onların yaşayış səviyyələri barədə məlumat toplamaqla müvafiq nəticəyə gəlməlidir.

İxtisaslararası tədqiqatın gedişatı barədə fikir formalaşdırdıqdan sonra tədqiqatçının prosesi asanlaşdırmaq üçün müraciət edə biləcəyi bir sıra yollara da nəzər yetirmək lazımdır. Birincisi, araşdırmaya başlamazdan əvvəl tanış olmayan elm sahəsi ilə bağlı ilkin biliklər öyrənilə bilər. Bunun üçün ən yaxşı yol həmin fənnin metod və yanaşmaları haqqında ümumi məlumatları ehtiva edən mənbələri oxumaqdır.[16] İkincisi, istinad olunan elm sahəsinin mütəxəssiləri ilə əməkdaşlıq yaradılaraq çoxtərəfli araşdırma aparıla bilər.[17] Bununla da hüquqşünasları maraqlandıran məsələlərin başqa elm sahələrində necə qiymətləndirildiyini aşkarlayıb hüquqi problemlərə bir çox aspektlərdən yanaşıla bilər.[18]

İxtisaslararası hüquqi araşdırma hüququn digər sosial elmlərlə əlaqəsini nəzərə alaraq tədqiqat prosesində onlara istinad etmişdir. Beləliklə, hüquq sahəsi daha təfsilatlı şəkildə analiz edilmiş, həmçinin sözügedən tədqiqat növünün tətbiqinin artırılması üçün bəzi yollar təklif olunmuşdur.

III. Yeni araşdırma növlərində qarşılaşılan çətinliklər

İxtisaslararası və empirik araşdırmalar tədqiqatçıya sadalanan geniş imkanlar təqdim etsə də, onların tətbiqi zamanı bəzi səciyyəvi çətinliklərlə üzləşmək qaçılmazdır. Belə ki, hazırda bu tədqiqat növlərinin yaratdığı problemlər həlli tələb edilən aktual məsələlərə çevrilmişdir.

İxtisaslarası tədqiqatda ən geniş yayılmış çətinlik müraciət edilən elm sahəsində araşdırma sualını cavablandıracaq məlumatların tapılmamasıdır.[19] Məsələn, Azərbaycan Respublikasının Ailə Məcəlləsində uşaq və qohumların bir-birilə ünsiyyət hüququnun olması qeyd edilmişdir.[20] Bu hüququn təmin olunub-olunmadığını öyrənmək üçün qohumluq əlaqələri ilə bağlı statistik məlumatların toplandığı sosioloji bazaya müraciət edilməlidir. Bununla belə, sözügedən baza ya istənilən materialları əhatə etmədiyinə, ya da ümumiyyətlə, mövcud olmadığına görə araşdırmaçı çox vaxt özü rəy sorğusu apararaq müəyyən nəticəyə gəlməli olur.[21]

Empirik araşdırmada qarşılaşılan problem isə tədqiqatın eynilə təkrarlanması zamanı baş verir. Qeyd edilməlidir ki, təkrar araşdırma eksperimental tədqiqat üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki bir daha aparılan araşdırma əvvəlki ilə eyni nəticəni verdikdə tədqiqatın etibarlılığı artır.[22] Buna nümunə olaraq, fərz edək ki, araşdırmaçı ailə münasibətlərini tədqiqat mövzusu kimi seçərək bu sahədə axtarış aparır. Azərbaycanda məhkəmənin aliment ödənilməsi barədə razılıq olmadıqda bir uşaq üçün tutulan aylıq məbləği valideynin qazancı və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi kimi təyin etdiyini öyrənir.[23] Daha sonra həmin alimentin miqdarının azlığını tədqiqat problemi kimi hazırlayaraq fərziyyə şəklində irəli sürür. Növbəti mərhələdə fərziyyənin dəyərləndirilməsi üçün respublika ərazisində alimentin miqdarı ilə bağlı sorğu keçirir. Başqa bir mütəxəssis də həmin ərazidə bu prosesi təkrarlayır, lakin sorğuların nəticələri fərqlənir. Buna səbəb tədqiqat prosesinin təfsilatlı şəkildə təqdim edilməməsi ilə əlaqəlidir.[24] Belə ki, araşdırmaçı tədqiqat sualını ünvanladığı şəxslərin yalnız ümumi sayını deyil, onların cinsiyyət, yaş və digər vacib məlumatlarını da nəzərə almaqla sorğu keçirməli idi. Həmin məlumatların nəzərə alınması yenidən aparılan sorğunun nəticəsi ilə əvvəlki arasında oxşarlıqların yaranmasına səbəb olacaqdır. Bununla belə, empirik tədqiqatda bir sıra nüanslar çox vaxt aşkar şəkildə ifadə olunmadığına görə eynilə təkrarlanma uğursuzluqla nəticələnir.[25]

Beləliklə, ixtisaslararası araşdırma lazımi məlumatların toplanması, empirik isə araşdırmanın təkrarlanması zamanı bəzi çətinliklər yaradır. Bunlar da müvafiq olaraq, birinci növdə tədqiqat prosesinə sərf edilən vaxtın artması, ikinci növdə isə nəticələrin etibarlılığının azalması ilə nəticələnir.

Nəticə

Empirik və ixtisaslararası araşdırma kimi yeni tədqiqat növlərinin ərsəyə gəlməsi hüquq sahəsində tədqiqatın inkişafına müsbət təsir göstərmişdir. Bununla belə, tədqiqat zamanı qarşılaşılan bəzi maneələr onların mahiyyətinin öyrənilməsi və tətbiqinin daha da genişləndirilməsinin qarşısını alır. Buna görə də, sözügedən problemlərin aşkarlanması  və aradan qaldırılması qeyd edilən araşdırma növlərinin təkmilləşdirilməsi üçün mühümdür.


[1] Khushal Vibhute & Filipos Aynalem, Legal Research Methods, 84 (2009).

[2] Mike McConville & Wing Hong Chui, Research Methods for Law, 4-5 (2007).

[3] Susan Saab Fortney, Taking Empirical Research Seriously, 22 Georgetown Journal of Legal Ethics 1473, 1474 (2009).

[4] Willem H. van Boom, Pieter Desmet & Peter Mascini, Empirical Legal Research in Action, 7 (2018).

[5] Vibhute and Aynalem, yuxarıda istinad 1, 53-54, 56.

[6] Van Boom, Desmet & Mascini, yuxarıda istinad 4.

[7] Yuxarıda istinad 1, 56.

[8] Yenə orada, 126.

[9] Yuxarıda istinad 4, 14.

[10] Yenə orada, 15.

[11] Yuxarıda istinad 1, 18.

[12] Douglas W. Vick, Interdisciplinarity and the Discipline, 31 Journal of Law and Society 163, 182 (2004).

[13] Vitalij Levičev, Holistic Perspective on Legal Research, 95 TEISĖ 111, 117 (2015).

[14] Wendy Schrama, How to Carry out Interdisciplinary Legal Research: Some Experiences with an Interdisciplinary Research Method, 7 Utrecht Law Review 147, 149 (2011).

[15] Azərbaycan Respublikasının Ailə Məcəlləsi, mad. 145.6 (2000).

[16] Bart van Klink, Sanne Taekema, On the Border: Limits and Possibilities of Interdisciplinary Research, Law and Method. Interdisciplinary Research into Law 7, 16 (2011). Burada bax: https://papers.ssrn.com/sol3/papers.cfm?abstract_id=2221334 (son baxış 28 may 2023).

[17] Schrama, yuxarıda istinad 14, 151-152 (2011).

[18] Vick, yuxarıda istinad 12.

[19] Yuxarıda istinad 14, 153.

[20] Yuxarıda istinad 15, mad. 50, 62.

[21] Yuxarıda istinad 14, 153-154.

[22] Jason M. Chin & Alex Holcombe, Rethinking Replication in Empirical Legal Research, 49 University of Western Australia Law Review 76, 77 (2022).

[23] Yuxarıda istinad 15, mad. 76.

[24] Yuxarıda istinad 22, 111.

[25] Yenə orada, 111-112.

Müəllif: Ayna Abbaszadə, Bakı Dövlət Universiteti Hüquq fakültəsi, 1-ci kurs.