Eric Goldman ilə müsahibə

Eric Goldman Silikon Vadisində yərləşən Santa Clara Universitetinin professorudur. O, həmçinin Yüksək Texnologiyalar Hüquq İnstitutuna rəhbərlik edir. Onun tədqiqatı internet, əqli mülkiyyət və reklam hüququ sahələrini əhatələyir və o, Technology & Marketing Law Blog-da bu mövzularda bloqlar yazır. Qeyd edək ki, Eric Goldman UCLA Law Review-nun da Redaksiya Heyətinin üzvü olmuşdur.

Eric Goldman ilə baş tutan müsahibəmizi sizinlə bölüşürük.

Sual: “Gələcək fəaliyyətdə akademik karyera planlaşdırılmırsa, akademik hüquqi yazı bacarıqlarını da inkişaf etdirmək önəmli deyil”- qeyd olunan fikirlə razısınızmı?

E.G.: Amerikada hüquqşünaslar tez-tez hüquq tələbələrinin yazı bacarıqlarının olmamasından şikayətlənirlər. Buna görə də tələbələrin yazı bacarıqlarının inkişafına şərait yaradacaq işlərə cəlb olunmaqları peşəkarlıq baxımından önəmlidir. Fikrimcə, yazı müəllifi kimi təkmilləşməyin ən yaxşı yolu daha çox yazmaq, xüsusən də gələcəkdə hüquqşünas kimi fəaliyyət göstərmək üçün lazım olan yazılar yazmaqdır. Məsələn, vəkil olmaq istəyən tələbə vəsatətlər və iddia ərizələri yazmağı, müqavilə hüququ sahəsində hüquqşünas olmaq istəyən tələbə isə müqavilə yazmağı təcrübə etməlidir. Bu cür yazı təcrübələri ilə müqayisədə akademik yazı onların praktiki hüquqşünas kimi gələcək fəaliyyətləri ilə birbaşa əlaqəli deyildir.

Bununla belə, akademik yazı da daxil olmaqla bütün yazı təcrübələri tələbələr üçün faydalıdır. Akademik yazı tələbələrə mənbələr tapmaq, təhlil etmək və mənbələrə istinad etmək bacarıqlarının tətbiqində yardımçı olur. Həmçinin akademik hüquqi yazı bacarığı tələbələri müxtəlif auditoriyalar üçün necə yazmaq lazım olduğu barədə düşündürür ki, bu da tələbələrin yazı bacarıqlarını inkişaf etdirir.

Sual:  Hüquq təhsilinin ilkin mərhələsində məqalə və esselər yazmaq vaxt itkisidirmi?

E.G: Yaxşı hüquqi yazı həm məzmun, həm də texniki məsələlərlə bağlı təcrübə tələb edir. Tələbələr hələ bu iki bacarığı öyrənmək prosesində olduqları üçün yazmaq onlara qorxulu gələ bilər. Bununla belə, esse və məqalələr yazaraq müəyyən bir mövzunun izahını vermək həmin mövzuya dərindən yiyələnmək və yazı təcrübəsi qazanmaq üçün effektiv vasitədir. Həmçinin bu zaman seçimdən asılı olaraq istər məzmun, istərsə də  texniki cəhətdən səhvlərin qarşısını almaq məqsədilə mentorun köməyindən istifadə oluna bilər.

Sual: Akademik hüquqi yazı və araşdırmanın ən böyük çətinliyini nə hesab edirsiniz?

E.G.: Əksər hallarda həvəsli müəlliflər “imposter” sindromundan əziyyət çəkirlər. Belə ki, onlar deyiləcək yeni və ya dəyərli bir fikirlərinin olmadığına inanırlar. Təcrübəmə görə hər kəsin müzakirəyə töhfə verə biləcək bir fikri vardır, ona görə də bu qorxu çox vaxt yersiz olur.

Sual: Sizcə, hansı növ hüquqi məqalələr vaxt itkisidir və onlardan “qaçmaq” lazımdır?

 E.G: Bütün hüquqi məqalələr hədəf auditoriyanın müvafiq ehtiyaclarına cavab verməlidir. Əgər yazı bu tələbi qarşılayırsa, o mənim yazmaq istəyəcəyim növdə olmasa belə, faydalı ola bilər. Bununla birlikdə, qarşılaşdığım bəzi məqalələrdəki problemlərə nümunə olaraq yazının yeni nəsə ifadə etməməsi, eləcə də yazıda müəllifin hər hansı təhlili və ya rəyinin olmamasıdır.

Sual: Sistematik və uğurlu hüquqi araşdırma aparmağın effektiv üsulları hansılardır?

E.G.: ABŞ-də bir çox nüfuzlu onlayn axtarış vasitələri var. Mən daha çox Westlaw, Lexis və Bloomberg Law-dan istifadə edirəm. Əlavə olaraq, elektron poçt bildirişləri, RSS (Really Simple Syndication) vasitəsilə bloq abunəlikləri və yeniliklərə daha tez uyğunlaşmaq üçün sosial mediaya da müraciət edirəm.

Yeni bir tədqiqat layihəsinə başlarkən, adətən, mövzu haqqında ikinci dərəcəli mənbə və ya “survey” məqalələri (bu tipli məqalələr ənənəvi məqalədən qısa olmaqla yanaşı, müəyyən spesifik mövzu ilə bağlı məlumatları ümumi formada oxuculara çatdırmaq kimi üstünlüklərə malikdir-red.) tapmağa çalışıram. Bu isə öz növbəsində mənə ümumi məsələni anlamağa kömək edir. Son olaraq tədqiqat zamanı sitatlardan istifadə edərək əlavə tədqiqata daha sürətli başlaya bilirəm.

Sual: Müasir dövrün mövzularında araşdırma: internet hüququ – bu sahədə araşdırma apararkən hansı məqamlara və mənbələrə diqqət yetirilməlidir?

E.G.: Bir çox gənc araşdırmaçılar internet hüququ sahəsində tədqiqat apararkən və məqalə yazarkən iki problemlə qarşılaşırlar:

Birincisi, onlar analogiyanı yanlış tətbiq edirlər. Bəzən internetə “sui generis” şəkildə yanaşır və əlaqəli texnologiyalara tətbiq oluna bilən presedentləri gözardı edirlər. Digər tərəfdən, gənc araşdırmaçılar yekun nəticəyə gəlmək üçün interneti 19-cu əsrin dəmir yolları və ya teleqraf xidmətlərinə bənzətmək kimi olduqca əlaqəsiz analogiyalara müraciət edirlər.

İkincisi, internet hüququ üzrə  əvvəlki dövrlərin akademik ədəbiyyatı, adətən, nəzərdən qaçırılır. Bu gün müzakirə olunan məsələlərin əksəriyyəti uzun illərdir ki, həllini gözləyir və ilkin dövrlərdən bəri onlar barədə mühüm təməl işlər görülmüşdür. Bu səbəbdən də həmin yazılar müasir dövrdə də nəzərə alınmalı və istinad edilməlidir.

Sual: Necə oldu ki, tədqiqat üçün internet hüququ sahəsini seçdiniz? Bu hüquq sahəsində araşdırma etmək üçün marağınızın olması kifayət edirmi?

E.G.: İlk dəfə 1992-ci ildə – elektron poçt hesabı açdıqdan və BBS (bulletin-board services) haqda öyrəndikdən sonra internet hüququnu sevdim. Mənimlə eyni yaş qrupundan olan şəxslər üçün internet ünsiyyət tərzini kəskin şəkildə dəyişdirdi və bu məni heyran etdi. Bu günə qədər də internet hüququna böyük marağım vardır.

İnternetin “dot com” ilə yüksəlişindən əvvəl mən artıq internet hüququ ilə tanış olmaq şansını qazanmışdım. Hazırda bəzi tələbələr bir sıra praktiki hüquq sahələrini hələ inkişaf etməkdə olarkən mənimsədikləri üçün şanslıdırlar. Bununla belə, tələbələrdən hər hansı biri sistemli olaraq bir sahə ilə həvəslə maraqlanırsa və insanların tələbatlarına fokuslana bilirsə, o, köklü və inkişaf etmiş hüquq sahəsində belə uğur qazana bilər.

Sual: Hansı məqaləniz digərləri arasında ən populyardır və həmin məqaləni uğurlu edən məqamlar hansılardır?

E.G.: “İzahedici” məzmunda mövzunun ümumi icmalını təqdim etdiyim yazılar ən populyarlarıdır. Məsələn, SSRN-də mənim ən çox yüklənən məqaləm [https://papers.ssrn.com/sol3/papers.cfm?abstract_id=3211013] 2018-ci ildə qəbul edilmiş Kaliforniya İstehlakçı Məxfiliyi Qanununu təhlil edir. Düşünürəm ki, məqalənin məşhurlaşmasına səbəb sözügedən Qanunun mübahisəli və çaşqınlıq yaradan olması, həmçinin oxucuların çoxunun onun qəbulunun və bu qədər problemli olduğunu anlamağa çalışması idi.

Müsahibənin ingilis dilində versiyası üçün keçid edin.