• 1. Ümumi müddəalar 

Junior Legal Scholars Research Assistant Proqramı (Gənc Alimlər Hüquqi Araşdırma Yardımçısı Proqramı) Bakı Dövlət Universiteti Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyətinin nəzdində yaradılmışdır. JLS Research Assistant Proqramının fəaliyyətini tənzimləyən bu Əsasnamə Azərbaycan Respublikasının Konstitusiyasının və qanunvericiliyinin əsas prinsiplərinə əsaslanaraq tərtib edilmişdir.

  • 2. Proqramın məqsədi

JLS Research Assistant Proqramının əsas məqsədi tələbələrin elmi fəaliyyətinin artırılmasına, dünya hüquq təhsili standartlarına uyğun olaraq hazırlanmasına, yüksək reytinqli hüquq məktəblərinə qəbul zamanı üstünlük əldə etməsinə və onların iş təcrübələrinin inkişafına yönəlmişdir. Tələbənin müəllimlə əməkdaşlığı həm tələbə, həm də müəllim üçün faydalıdır. Tələbə bununla özünün gələcək perspektivlərini müəyyənləşdirir, elmi mühitdə işləməyi, necə tədqiqat aparmalı olduğunu öyrənir. Dərs müddətində əhatə olunmayan mövzuları birbaşa olaraq elmi rəhbəri olan müəllimdən öyrənmə, araşdırma apararaq müəyyən sahədə ətraflı biliklərə yiyələnmə imkanı qazanır. Tələbə apardığı tədqiqat işinin yekun nəticəsi olaraq hüquqi məqalə yazır. Müəllimlər, öz iş yükündən asılı olaraq elmi araşdırmasını daha ətraflı, dəqiq, xarici dil biliyi yüksək olan tələbələrlə xarici mənbələrdən birbaşa araşdırma aparmaq, Hüquq Jurnalında araşdırdığı mövzu üzrə məqaləsi çap olunan tələbənin elmi rəhbəri olaraq qeydə alınmaq kimi imkanlar əldə edir.

  • 3. Vəzifələr
  • 3.1 Prezident

Prezident JLSRAP-ın işinə ümumi nəzarət; Proqramın qurulmasına və fəaliyyətinə başçılıq; Baş İcraçının öz səlahiyyətləri daxilində qəbul etdiyi qərarların təsdiq edilməsi; daxili intizam qaydaları pozulduqda müvafiq tədbirlərin görülməsi; bu əsasnaməyə dəyişiklik və əlavələr edilməsi barədə TEC-in idarə heyəti qarşısında təkliflə çıxış etmək; Baş İcraçının təyin edilməsi səlahiyyətlərini daşıyır.

  • 3.2 Baş İcraçı 

Proqramın qurulması və fəaliyyətində təşkilati, texniki tədbirlərin həyata keçirilməsinə başçılıq; Proqramda iştirak edəcək tələbə-müəllim kollektivinin seçilməsinə və onlar arasında işlərin bölünməsinə başçılıq; Prezidentin verdiyi qərarların icrasını təmin etməsi; Proqramın iclas vaxtlarının təyin edilməsi; İcraçıların təyin edilməsi; ictimai tanıtımın təşkilinə başçılıq edilməsi səlahiyyətlərini daşıyır.

  • 3.3 İcraçılar  

Proqramın qurulması və fəaliyyətində təşkilati, texniki tədbirlərin həyata keçirilməsi; Prezidentin və baş icraçının verdiyi qərarların icrasının təmin edilməsi; ictimai tanıtımın təşkilinin təmin edilməsi səlahiyyətlərini daşıyır.

  • 4. Prezident və Baş İcraçının seçilməsi və təyin edilməsinin meyarları 

Bir qayda olaraq TEC-in sədri JLSRAP-ın Prezidenti vəzifəsini daşıyır. TEC-in sədri JLSRAP-ın Prezidenti vəzifəsini daşımaqdan imtina etdiyi halda Baş İcraçının yoxluğunda (əgər olarsa seçkilərə qədər həm də Prezident vəzifəsini müvəqqəti icra edir) birbaşa olaraq JLSRAP-ın nəzdində olan ən yuxarı kurs İcraçı Prezident vəzifəsinə, ona nisbətdə daha aşağı kurs İcraçı isə Baş İcraçı vəzifəsinə müvəqqəti təyin olunurlar.

  • 4.1 Səlahiyyətlərin dəyişdirilməsi

İştirakçıların irəli sürdüyü tələb nəticəsində Proqram daxilində Prezidentin səlahiyyətləri TEC-in idarə heyəti tərəfindən, Baş İcraçının səlahiyyətləri Prezident tərəfindən, İcraçıların səlahiyyəti isə Baş İcraçı tərəfindən dəyişdirilə bilər.

  • 5. Proqramın təşkili
  • 5.1 Başlanğıc Mərhələ

Proqramın Başlanğıc mərhələsi üç yerə bölünür. Əvvəlcə proqram üzrə elmi işləri olan müəllimlər proqram icraçıları tərəfindən müəyyən edilir. Daha sonra həmin iş üzrə tələbələrin axtarışına başlanılır yekun olaraq müəllimlərlə tələbələrin qarşılıqlı əməkdaşlıqları qurulur.

  • 5.2 İcraya nəzarət Mərhələsi

Bu mərhələ proqram çərçivəsində tələbələrlə müəllimlər arasında imzalanan müqavilələrdə tərəflərin götürdükləri öhdəlikləri yerinə yetirmələri ilə bağlı JLSRAP-ın icraçıları tərəfindən aparılan nəzarəti ehtiva edir. İcraya nəzarət mərhələsində müqavilə tərəfi olan tələblər müəyyən periodlarla apardıqları tədqiqat işinin gedişatı ilə bağlı JLSRAP-ın icraçılarına hesabat xarakterli məlumatlar verirlər.

  • 5.3 Yekun Mərhələ

Yekun mərhələ müqavilə ilə nəzərdə tutulan müddətin bitmə anıdır. Bu mərhələdə artıq aparılan tədqiqat işi yekunlaşdırılır. Müvafiq yoxlanışlardan keçdikdən sonra yazılan məqalə Hüquq Jurnalında çap edilir. Tədqiqat aparmış tələbəyə elmi rəhbəri tərəfindən tövsiyə məktubu (recommendation letter) verilir.

  • 5.4 Müəyyənlik və Şəffaflıq

Hər kəsin bu proqramın fəaliyyəti ilə bağlı məlumat almaq hüququ vardır. Proqramın fəaliyyəti nəticəsində əldə edilən elmi nəticələr TEC-in hüquqi jurnalında dərc edilir.

  • 5.5 Proqramın fəaliyyəti

Proqramın fəaliyyəti müəllim və tələbələrin qarşılıqlı elmi əməkdaşlığı çərçivəsində həyata keçirilir. Elmi araşdırmalar aparan müəllimə bu araşdırmalarda köməklik göstərmək məqsədilə tələbələrdən seçilmiş JLS Research Assistantlar köməklik göstərirlər.

  • 5.6 JLS Research Assistantlar, onların hüquq və vəzifələri

JLS Research Assistant könüllü olaraq JLSRAP-da iştirak edən tələbələrə verilən addır. JLS Research Assistantın əsas vəzifəsi seçim etdiyi iş üzrə elmi araşdırmalar aparmaq, materiallar toplamaq, belə araşdırmaların aparılmasında köməklik göstərmək və müəllimin verdiyi tapşırıqları yerinə yetirməkdən ibarətdir. Hüquqları isə araşdırma haqqında məlumat almaq, seçdiyi iş barədə sərbəst araşdırma aparmaq və digər təcrübi və elmi məlumatlar əldə etmək, müəyyən şərtlər daxilində mümkün olarsa elmi rəhbəri tərəfindən gördüyü işə görə ödəniş qəbul etmək hüququ vardır. Bir tələbənin yalnız bir müəllimlə işləmək hüququ vardır. Tələbələr JLS research assistant layihəsi üzrə müqavilədə nəzərdə tutulan müddət ərzində müəllimlər tərəfindən onlara verilən proqram əsasında işləri görməli və yekun nəticə əldə etməlidirlər.

  • 5.7 JLS Research Assistantlar və müəllimlərin əldə edəcəyi faydalar

Tələbələr bu proqram sayəsində maraq göstərdikləri sahədə ixtisaslaşmaq, dərs müddətində əhatə olunmayan mövzuları birbaşa olaraq elmi rəhbəri olan müəllimdən öyrənmək, proqramın nəticəsi olaraq yazdıqları araşdırma işlərini TEC-in dərc etdiyi Hüquq Jurnalında çap etdirmək, yüksək reytinqli hüquq məktəblərində təhsillərini davam etdirmək üçün üstünlük qazanmaq və həmin universitetlərə qəbul zamanı vacib əhəmiyyətə malik olan elmi rəhbərindən ətraflı tövsiyə məktubu almaq imkanlarını əldə edir.

Müəllimlər, öz iş yükündən asılı olaraq elmi araşdırmasını daha ətraflı, dəqiq, xarici dil biliyi yüksək olan tələbələrlə xarici mənbələrdən birbaşa araşdırma aparmaq, Hüquq Jurnalında araşdırdığı mövzu üzrə hüquqi məqaləsi çap olunan tələbənin elmi rəhbəri olaraq qeyd olunmaq kimi  imkanlar əldə edir.

  • 5.8 Müqavilə

JLS Research assistantları ilə müəllimlər arasındakı münasibətlər müqavilə vasitəsilə rəsmiləşdirilir. Müqavilənin əsas mahiyyəti layihənin daha real xarakter kəsb etməsi və tərəflərin işlərinə olan məsuliyyətini artırmaqdır.

  • 5.8.1 Müqaviləyə dair müddəalar

Müqavilə tərəflər olan JLS research assistantları və müəllimlər arasında öz işlərinə məsuliyyətlə yanaşmaları, müqavilədə müəyyən edilən müddət ərzində onlara verilən işləri yekunlaşdıraraq yekun nəticə əldə edəcəkləri, legal research layihəsinin digər davranış kodekslərinə qeyd-şərtsiz riayət və müqavilə üzrə digər öhdəliklərin yerinə yetirilməsi ilə bağlı qarşılıqlı razılaşmadır. Tərəflər və JLS research assistant layihəsinin baş icraçısı müqaviləni imzalayır.

Müqavilədən irəli gələn öhdəliklərin pozulması zamanı müqaviləyə xitam verilir və şəxs müvafiq qaydada JLS research layihəsindən uzaqlaşdırlır.

Əlavə müddəalar

Mən, JLS Research Assistant Proqramının iştirakçısı olaraq, plagiatçılıq, icazəsiz materiallardan istifadə etməyəcəyimə, tapşırıqlarda və elmi işlərdə qanunsuz kömək qəbul etməyəcəyimə və göstərməyəcəyimə, özümün və başqalarının işlərinin qiymətləndirilməsini vicdanlı və ədalətli şəkildə təmin edəcəyimə və elmi mühitinin təşkil edilməsində köməklik göstərəcəyimə və ictimai standartlara uyğun fəaliyyət göstərəcəyimə hüquqşünasın ən mühüm dəyəri olan şərəfim üzərinə and içirəm!

İctimai Standartlar

Aşağıdakı ümumiləşdirilmiş və bu qaydaların təbiətinə zidd olan digər əməllər JLS Legal Research Assistant Proqramının ictimai standartların pozulması kimi qiymətləndirilir:

  1. Fiziki zorakılıq, özünün və digərlərinin fiziki və psixoloji sağlamlığına zərər vura biləcək hərəkətlər və ya hərəkətsizliklər;
  2. İstənilən vasitə ilə başqasını və ya başqalarını alçaltmaq, şərəf və ləyaqətinə zərər vurmaq, böhtan və barəsində doğru olmayan məlumatlar yaymaq, şəxsi həyatı ilə bağlı öz icazəsi olmadan məlumatlar, şəkil və videolar yaymaq;
  3. Proqramın iştirakçıları arasında dostluq münasibətlərinə zərər vuracaq və düşmənçilik münasibəti yaradacaq, humanistlik prinsiplərinə əks olan hər bir hərəkət və hərəkətsizlik;
  4. İnternet vasitəsi ilə başqalarını mübahisəyə, qarşıdurmaya, qeyri-qanuni qruplaşmaya təhrik etmək;
  5. Proqramın daxilində biznes fəaliyyəti ilə məşğul olmaq, xeyriyyə məqsədli fəaliyyətdən, hər hansı bir təşkilat vasitəsi ilə Proqramın adından istifadə edərək maddi gəlir götürmək məqsədi ilə istifadə etmək;
  6. Proqramın devizindən, loqosundan, digər nişanlarından reklam məqsədi ilə Proqramın icazəsi olmadan istifadə etmək;
  7. Proqram mühitində qanuna və hüquqi düşüncəyə zidd olan, Proqramın və Proqramdan kənar ictimai qaydaya və asayişə zərər vura biləcək və Azərbaycan Respublikasının Konstitusiyasının təyin etdiyi formaya zidd olan dini, siyasi, iqtisadi və sosial təbliğatın aparılması;
  8. Proqram daxilində qumar, mərc, kimi qanunla qadağan olunmuş və lotereya kimi digərlərinin maddi vəziyyətini gözlənilən dərəcədə pisləşdirəcək fəaliyyətlə məşğul olmaq;
  9. Tələbə biletini və digər universitet sənədlərini girov kimi və digər qeyri-qanuni məqsədlər üçün istifadə etmək;
  10. Proqram iştirakçıları tərəfindən ümumiliklə qəbul edilmiş əxlaq qaydalarını pozmaq, başqalarını bezdirmək məqsədi ilə qəsdən uyğunsuz hərəkətlər etmək;

Müəlliflər: İlham Zülfüqarlı, Orxan Abdulkərimli