Layihə Bakı Dövlət Universiteti Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyətinin növbəti proqramıdır.

Proqrama qoşulmaq istəyən tələbələr Müraciət səhifəsindən istifadə edərək qeydiyyatdan keçə bilərlər. Qeydiyyat zamanı tələbələr əməkdaşlıq etmək istədikləri müəllimləri virtual olaraq seçə bilərlər. Əlavə olaraq qeyd edək ki, saytda proqramla əməkdaşlıq edən müəllimlər barədə qısa bioqrafik məlumat da öz əksini tapmışdır.

Hüquqi Araşdırma Yardımçısı Proqramının (Juniors Legal Scholars Research Assistant Program) əsas məqsədi tələbələrin elmi fəaliyyətinin artırılmasına, dünya hüquq təhsili standartlarına uyğun olaraq hazırlanmasına, yüksək reytinqli hüquq məktəblərinə qəbul zamanı üstünlük əldə etməsinə və onların iş təcrübələrinin inkişafına yönəlmişdir.

Proqramın subyektiv və obyektiv müsbət tərəfləri:
Subyektiv müsbət tərəfi odur ki, siz bu proqrama qoşularaq aşağıdakı qabiliyyətləri əldə edə və ya inkişaf etdirə bilərsiniz:

– yüksək akademik araşdırma;
– akademik hüquqi yazı;
– hüquqi düşüncə;
– hüquqi analiz;
– hüquq sferasında iş təcrübəsi.

Obyektiv müsbət tərəf ondan ibarətdir ki, proqram:
– xarici yüksək reytinqli hüquq məktəblərinə qəbul olmaqda şansı artırır;
– universitet mühitində tələbə-professor əlaqələrini möhkəmləndirərək akademik rəqabət mühiti yaradır;
– hüquq tələbələrinin və professorlarının qarşılıqlı əməkdaşlığını təmin edir;
– gündəlik keçilən dərslərdən daha çox əlavə biliklərə yiyələnməyə şərait yaradır.

Layihə iştirakçılarına tədqiqatın sonunda müəllim tərəfindən tövsiyə məktubu veriləcək, eləcə də araşdırmanın nəticəsi Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalında nəşr olunacaq.

Layihənin Əsasnaməsindən proqramın iş prosesi barədə ətraflı məlumat ala bilərsiniz.

Layihə 2015-ci ildə Orxan Abdukərimli tərəfindən təsis edilmişdir, növbəti illər İlham Zülfüqarlı və Nurlan Məmmədli tərəfindən idarə olunan layihə indiyə qədər 20-yə yaxın tələbəyə hüquqi araşdırma bacarıqlarının inkişafında yardımçı olmuşdur.